Yuxunun keyfiyyəti təkcə gün ərzindəki yorğunluq səviyyəsini deyil, həm də beyin fəaliyyətini, immun sistemini, hormon balansını və ümumi sağlamlığı müəyyən edən əsas amillərdən biridir. Son illərdə aparılan elmi araşdırmalar göstərir ki, yuxunun keyfiyyətinə təsir edən vacib faktorlardan biri də bağırsaq mikrobiotası, yəni bağırsaqlarda yaşayan milyardlarla faydalı mikroorqanizmdir. Mütəxəssislər bağırsaqları artıq “ikinci beyin” adlandırırlar, çünki bağırsaq və beyin arasında güclü və ikitərəfli əlaqə mövcuddur.

Bağırsaq-beyin oxu
Bağırsaq və beyin bağırsaq-beyin oxu (gut-brain axis) adlanan mürəkkəb sistem vasitəsilə bir-biri ilə əlaqə saxlayır. Bu sistem sayəsində bağırsaqlarda baş verən dəyişikliklər beyinə, beyində baş verən proseslər isə bağırsaqlara təsir göstərə bilir.
Serotonin və melatonin istehsalında bağırsağın rolu
Serotonin “xoşbəxtlik hormonu” kimi tanınır və yuxu ritminin tənzimlənməsində mühüm rol oynayır. Orqanizmdə serotoninin təxminən 90%-i bağırsaqlarda istehsal olunur. Serotonin daha sonra beyində melatoninə çevrilir. Melatonin isə yuxu-oyanıqlıq ritmini idarə edən əsas hormondur.
Bağırsaq mikrobiotasında balans pozulduqda:
- serotonin sintezi azalır;
- melatonin istehsalı pozula bilər;
- yuxuya getmək çətinləşir;
- gecə tez-tez oyanmalar baş verir;
- səhər yorğun oyanmaq mümkündür.
Disbioz və onun nəticələri
Bağırsaq mikrobiotasının tərkibi antibiotiklər, qeyri-sağlam qidalanma, stress, infeksiyalar və həyat tərzi səbəbindən dəyişə bilər. Disbioz zamanı:
- iltihabi sitokinlərin səviyyəsi artır;
- kortizol yüksələ bilər;
- stress reaksiyası güclənir;
- narahatlıq və depressiya riski artır;
- yuxunun dərin fazaları azalır.
Əlaqə ikitərəflidir
Əlaqə yalnız bir istiqamətli deyil. Xroniki yuxusuzluq:
- bağırsaq mikrobiotasının müxtəlifliyini azaldır;
- bağırsaq keçiriciliyini artırır (“leaky gut”);
- iltihabı gücləndirir;
- metabolik xəstəliklərin riskini yüksəldir.
Mikrobiotanı dəstəkləyən qidalar
Sağlam mikrobiotanı dəstəkləyən qidalar yuxunun da yaxşılaşmasına kömək edə bilər. Bunlara daxildir:
- qatıq və kefir;
- fermentləşdirilmiş qidalar;
- tam taxıllar;
- tərəvəz və meyvələr;
- paxlalılar;
- liflə zəngin məhsullar;
- qoz və badam.
Yuxu keyfiyyətini yaxşılaşdıran vərdişlər
- hər gün eyni saatda yatıb oyanmaq;
- liflə zəngin qidalanmaq;
- şəkərli və yüksək emal olunmuş qidaları azaltmaq;
- lazımsız antibiotik istifadəsindən çəkinmək;
- müntəzəm fiziki aktivliklə məşğul olmaq;
- stressi idarə etməyi öyrənmək;
- axşam saatlarında ağır yeməklərdən uzaq durmaq.
Elmi araşdırmalar nə deyir?
Son illərdə aparılan klinik və eksperimental tədqiqatlar sağlam bağırsaq mikrobiotasının daha keyfiyyətli yuxu ilə əlaqəli olduğunu göstərir. Bəzi araşdırmalarda probiotik və prebiotik qəbulunun yuxu keyfiyyətini, stressə davamlılığı və emosional vəziyyəti yaxşılaşdıra biləcəyi göstərilmişdir.
Mənbə: SİA.az, 23 iyul 2026. Müsahibə: Ayşən Vəli. Nevroloq Röyanə Quluzadə.













Röyanə Quluzadə 2 sentyabr 1980 ci ildə anadan olmuşdur. 1998-2004 cü illər Azərbaycan Tibb Universiteti Pediatriya fakultəsində təhsil alıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyası, Nevrologiya Sertifikasiya şəhadətnaməsini alıb.