
Həyatın ilk ili körpənin sinir sistemi üçün ən sürətli inkişaf dövrüdür. Bu mərhələdə yaranan bəzi nevroloji problemlər çox zəif işarələrlə başlayır və valideynlər onları “böyüdükcə düzələr” deyə nəzərdən qaçıra bilirlər. Nevroloq Röyanə Quluzadə körpədə görünəndə həkim müayinəsini gecikdirməmək lazım olan beş əlaməti sadalayıb.
1. Yaşa uyğun bacarıqların gecikməsi
Körpə gözlənilən vaxtda əsas hərəkətləri öyrənmirsə, səbəb nevroloji ola bilər. Diqqət ediləcək hallar:
- 3-4 ayda başını hələ saxlaya bilmir;
- 6 ayda çevrilə bilmir;
- 9 ayda müstəqil oturmur;
- 12-15 ayda yeriməyə başlamır.
2. Əzələ tonusunun pozulması
Əzələlər həddindən artıq zəif (hipotonus) və ya həddindən artıq gərgin (hipertonus) ola bilər. Körpə qucaqda çox yumşaq və “axan” kimi hiss olunursa, yaxud əl-ayağı daim bərk və sıxılmış qalırsa, sinir sistemi yoxlanmalıdır.
3. Qıcolmalar və qeyri-adi hərəkətlər
Körpələrdə qıcolma həmişə bütün bədənin titrəməsi kimi görünmür. Qəfil donub qalma, baxışın bir nöqtəyə dikilməsi, əl və ya ayaqda təkrarlanan çırpınmalar, gözlərin yuxarı qaçması və səbəbsiz tez-tez diksinmə epileptik aktivliyin ilk xəbərçisi ola bilər.
4. Göz kontaktının zəif olması
Sağlam körpə ilk aylardan valideynin üzünə baxır. 2-3 aylıq körpə göz-gözə baxmırsa, ananın üzünə, səslərə və rəngli əşyalara maraq göstərmirsə, bu həm nevroloji, həm də autizm spektri kimi inkişaf pozuntularının erkən siqnalı ola bilər.
5. Bədənin bir tərəfini az işlətmək
Körpə hər iki tərəfini təxminən bərabər hərəkət etdirməlidir. Bir əlini və ya ayağını daim az işlədirsə, bədəninin bir tərəfi zəif görünürsə və ya hərəkətləri qeyri-bərabərdirsə, bu, serebral iflic və digər nevroloji problemlərin ilkin əlaməti ola bilər.
Niyə gözləmək olmaz?
Körpələrdə nevroloji problemlər nə qədər tez aşkarlansa, müalicə və reabilitasiya bir o qədər səmərəli olur. Ona görə şübhə yarananda “bir az da gözləyək” demək yerinə vaxt itirmədən uşaq nevroloquna müraciət etmək tövsiyə olunur.
Mənbə: nevroloq Röyanə Quluzadənin Operativ Media-ya açıqlaması.












Röyanə Quluzadə 2 sentyabr 1980 ci ildə anadan olmuşdur. 1998-2004 cü illər Azərbaycan Tibb Universiteti Pediatriya fakultəsində təhsil alıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyası, Nevrologiya Sertifikasiya şəhadətnaməsini alıb.