Bağırsaq sağlamlığı yuxu keyfiyyətinə necə təsir göstərir? – HƏKİM AÇIQLADI

Yuxunun keyfiyyəti təkcə gün ərzindəki yorğunluq səviyyəsini deyil, həm də beyin fəaliyyətini, immun sistemini, hormon balansını və ümumi sağlamlığı müəyyən edən əsas amillərdən biridir. Son illərdə aparılan elmi araşdırmalar göstərir ki, yuxunun keyfiyyətinə təsir edən vacib faktorlardan biri də bağırsaq mikrobiotası, yəni bağırsaqlarda yaşayan milyardlarla faydalı mikroorqanizmdir. Mütəxəssislər bağırsaqları artıq “ikinci beyin” adlandırırlar, çünki bağırsaq və beyin arasında güclü və ikitərəfli əlaqə mövcuddur.

Nevroloq Röyanə Quluzadə
Nevroloq Röyanə Quluzadə

Bağırsaq-beyin oxu

Bağırsaq və beyin bağırsaq-beyin oxu (gut-brain axis) adlanan mürəkkəb sistem vasitəsilə bir-biri ilə əlaqə saxlayır. Bu sistem sayəsində bağırsaqlarda baş verən dəyişikliklər beyinə, beyində baş verən proseslər isə bağırsaqlara təsir göstərə bilir.

Serotonin və melatonin istehsalında bağırsağın rolu

Serotonin “xoşbəxtlik hormonu” kimi tanınır və yuxu ritminin tənzimlənməsində mühüm rol oynayır. Orqanizmdə serotoninin təxminən 90%-i bağırsaqlarda istehsal olunur. Serotonin daha sonra beyində melatoninə çevrilir. Melatonin isə yuxu-oyanıqlıq ritmini idarə edən əsas hormondur.

Bağırsaq mikrobiotasında balans pozulduqda:

  • serotonin sintezi azalır;
  • melatonin istehsalı pozula bilər;
  • yuxuya getmək çətinləşir;
  • gecə tez-tez oyanmalar baş verir;
  • səhər yorğun oyanmaq mümkündür.

Disbioz və onun nəticələri

Bağırsaq mikrobiotasının tərkibi antibiotiklər, qeyri-sağlam qidalanma, stress, infeksiyalar və həyat tərzi səbəbindən dəyişə bilər. Disbioz zamanı:

  • iltihabi sitokinlərin səviyyəsi artır;
  • kortizol yüksələ bilər;
  • stress reaksiyası güclənir;
  • narahatlıq və depressiya riski artır;
  • yuxunun dərin fazaları azalır.

Əlaqə ikitərəflidir

Əlaqə yalnız bir istiqamətli deyil. Xroniki yuxusuzluq:

  • bağırsaq mikrobiotasının müxtəlifliyini azaldır;
  • bağırsaq keçiriciliyini artırır (“leaky gut”);
  • iltihabı gücləndirir;
  • metabolik xəstəliklərin riskini yüksəldir.

Mikrobiotanı dəstəkləyən qidalar

Sağlam mikrobiotanı dəstəkləyən qidalar yuxunun da yaxşılaşmasına kömək edə bilər. Bunlara daxildir:

  • qatıq və kefir;
  • fermentləşdirilmiş qidalar;
  • tam taxıllar;
  • tərəvəz və meyvələr;
  • paxlalılar;
  • liflə zəngin məhsullar;
  • qoz və badam.

Yuxu keyfiyyətini yaxşılaşdıran vərdişlər

  • hər gün eyni saatda yatıb oyanmaq;
  • liflə zəngin qidalanmaq;
  • şəkərli və yüksək emal olunmuş qidaları azaltmaq;
  • lazımsız antibiotik istifadəsindən çəkinmək;
  • müntəzəm fiziki aktivliklə məşğul olmaq;
  • stressi idarə etməyi öyrənmək;
  • axşam saatlarında ağır yeməklərdən uzaq durmaq.

Elmi araşdırmalar nə deyir?

Son illərdə aparılan klinik və eksperimental tədqiqatlar sağlam bağırsaq mikrobiotasının daha keyfiyyətli yuxu ilə əlaqəli olduğunu göstərir. Bəzi araşdırmalarda probiotik və prebiotik qəbulunun yuxu keyfiyyətini, stressə davamlılığı və emosional vəziyyəti yaxşılaşdıra biləcəyi göstərilmişdir.


Mənbə: SİA.az, 23 iyul 2026. Müsahibə: Ayşən Vəli. Nevroloq Röyanə Quluzadə.

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. Parkinson və Alzhymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlardan biri hesab olunur.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər.

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlardan biri hesab olunur.

Yuxu insan beyninin bərpası, yaddaşın möhkəmlənməsi və emosional sabitliyin qorunması üçün həyati əhəmiyyət daşıyır:

“Son illərdə aparılan elmi tədqiqatlar göstərir ki, yuxusuzluq hər zaman sadəcə həyat tərzi ilə bağlı problem deyil, bəzi hallarda ciddi nevroloji xəstəliklərin erkən xəbərçisi ola bilər. Xüsusilə Parkinson və Alzheimer xəstəliklərinin başlanğıc mərhələsində yuxu pozuntuları diqqət çəkən əlamətlərdəndir. Bununla belə, hər yuxusuzluq nevroloji xəstəlik demək deyil. Lakin bəzi hallar daha ciddi yanaşma tələb edir: qəfil başlanğıc (əvvəllər normal yatan şəxsdə səbəbsiz yuxu pozulması), proqressiv xarakter (yuxunun zamanla daha da pisləşməsi), davranış dəyişiklikləri ilə müşayiət olunması (unutqanlıq, diqqət azalması, əhval dəyişiklikləri), gecə qeyri-adi hərəkətlər (yuxuda danışma, qışqırma, aqressiv davranışlar), gündüz həddindən artıq yuxululuq və ya halsızlıq, eləcə də standart tədbirlərə baxmayaraq vəziyyətin yaxşılaşmaması. Bu əlamətlər nevroloji qiymətləndirmə üçün əsas yaradır və erkən diaqnostikada mühüm rol oynaya bilər. Parkinson xəstəliyi əsasən hərəkət pozuntuları ilə tanınsa da, qeyri-motor simptomlar çox vaxt daha erkən ortaya çıxır və yuxu pozuntuları bu simptomların ön sıralarında yer alır. Erkən mərhələdə REM yuxu davranış pozuntusu (RBD) – yuxuda görülənlərin “canlandırılması”, qışqırma və ətrafların hərəkəti, tez-tez oyanmalar, səthi yuxu, yuxuya getməkdə çətinlik, gecə narahatlıq və bədəndə sərtlik hissi, həmçinin gündüz yuxululuq müşahidə oluna bilər. Xüsusilə RBD Parkinson xəstəliyinin illər əvvəl ortaya çıxa bilən ən spesifik erkən göstəricilərindən hesab olunur. Alzheimer xəstəliyində isə yuxu pozuntuları həm erkən mərhələdə, həm də xəstəlik irəlilədikcə daha qabarıq şəkildə özünü göstərir. Bu dəyişikliklər beyində baş verən neyrodegenerativ proseslərlə əlaqədardır. Əsas xüsusiyyətlərə sirkadiyan ritmin pozulması (gecə-gündüz dövrünün qarışması), “sundowning” fenomeni (axşam saatlarında narahatlıq və təşvişin artması), gecə tez-tez oyanmalar, gündüz həddindən artıq yatma və yuxunun tez-tez bölünməsi daxildir. Alzheimerdə yuxu pozuntuları yalnız simptom deyil, eyni zamanda xəstəliyin gedişinə təsir edən mühüm faktordur. Belə ki, yuxu zamanı beyində beta-amiloid kimi “toksik” zülalların təmizlənməsi baş verir və yuxunun pozulması bu maddələrin toplanmasını sürətləndirə bilər”.

B12 vitamini əhval-ruhiyyəyə və enerjiyə necə təsir edir?

Müasir həyat tərzi, stress və qeyri-düzgün qidalanma bir çox insanın davamlı yorğunluq və əhval dəyişkənliyindən şikayət etməsinə səbəb olur. Bu halların arxasında bəzən sadə, lakin çox vacib bir faktor dayanır: B12 vitamini çatışmazlığı.

B12 vitamini (kobalamin) insan orqanizmində sinir sistemi və qan yaranması prosesində mühüm rol oynayan əsas vitaminlərdən biridir. Xüsusilə beyin funksiyaları və enerji mübadiləsi ilə sıx əlaqəli olduğu üçün onun səviyyəsindəki dəyişikliklər birbaşa insanın gündəlik həyat keyfiyyətinə təsir edir.

Əvvəla, B12 vitamini əhval-ruhiyyənin tənzimlənməsində iştirak edən neyrotransmitterlərin sintezində rol oynayır. Serotonin və dopamin kimi maddələr emosional balansın qorunmasında əsasdır. B12 çatışmazlığı zamanı bu maddələrin sintezi pozula bilər və nəticədə depressiya, əsəbilik, motivasiya azalması kimi hallar ortaya çıxa bilər. Xüsusilə uzun müddət səbəbi aydın olmayan depressiv əhval müşahidə edilən şəxslərdə B12 səviyyəsinin yoxlanılması vacibdir.

Digər tərəfdən, B12 vitamini enerji səviyyəsinin qorunmasında da mühüm rol oynayır. Bu vitamin qırmızı qan hüceyrələrinin yaranması üçün zəruridir. Onun çatışmazlığı zamanı anemiya inkişaf edir ki, bu da toxumalara oksigen daşınmasının azalmasına səbəb olur. Nəticədə insan özünü davamlı yorğun, halsız və gücsüz hiss edir. Bundan əlavə, B12 hüceyrə səviyyəsində enerji istehsalında iştirak edərək metabolik proseslərin effektivliyini təmin edir.

Sinir sistemi baxımından da B12 vitamini əvəzolunmazdır. O, sinir liflərini qoruyan mielin qişasının saxlanılmasında iştirak edir. Çatışmazlıq zamanı əllərdə və ayaqlarda keyimə, iynələnmə hissi, hətta koordinasiya problemləri yarana bilər. Bu isə artıq nevroloji əlamətlərin başladığını göstərə bilər.

Risk qruplarına gəldikdə, vegetarian və vegan qidalanan şəxslər, yaşlılar, mədə-bağırsaq sistemi xəstəlikləri olanlar, eləcə də uzun müddət metformin və ya proton pompa inhibitorları qəbul edənlər B12 çatışmazlığına daha meyllidir. Çünki bu vitamin əsasən heyvani mənşəli qidalarda olur və onun sorulması mədə-bağırsaq sistemindən asılıdır.

Nəticə olaraq qeyd etmək lazımdır ki, B12 vitamini sadəcə “enerji verən” bir maddə deyil, həm də psixi və nevroloji sağlamlığın vacib sütunlarından biridir. Əgər orqanizmdə onun səviyyəsi normaldırsa, əlavə qəbulun xüsusi təsiri olmaya bilər. Lakin çatışmazlıq zamanı düzgün diaqnostika və müalicə həm əhval-ruhiyyəni, həm də enerji səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

Sağlam həyat üçün bəzən ən vacib addım, məhz belə kiçik, amma təsirli faktorları vaxtında müəyyən etməkdir.

Alzheimer və Parkinsonda Beyin Bərpası: Kök Hüceyrə və Ekzosom Müalicəsi Nə Vəd Edir?

Sinir sisteminin neyrodegenerativ xəstəliklərində kök hüceyrə və ekzosom müalicələrinin beyin toxumasına bərpaedici təsiri.

Neyrodegenerativ xəstəliklər – Alzheymer xəstəliyi, Parkinson xəstəliyi və müxtəlif formalı demensiyalar – mərkəzi sinir sisteminin proqressiv və geri dönməz zədələnməsi ilə xarakterizə olunur. Bu xəstəliklərdə neyron itkisi, sinaptik əlaqələrin pozulması, neyroiltihab və patoloji zülal yığılımı (beta-amiloid, tau, alfa-sinuklein) əsas patogen mexanizmlərdir. Klassik müalicə üsulları əsasən simptomatik yanaşmaya əsaslandığından, son illərdə beyin toxumasının real bərpasını hədəfləyən regenerativ terapiyalara – xüsusilə kök hüceyrə və ekzosom əsaslı müalicələrə maraq artmışdır.

Neyrodegenerativ xəstəliklərin patofizioloji əsasları

Alzheymer xəstəliyində əsasən hipokampus və kortikal sahələrdə neyron itkisi, beta-amiloid lövhəcikləri və tau zülalının hiperfosforlaşması müşahidə olunur. Parkinson xəstəliyi isə əsasən substantia nigra pars compacta bölgəsində dopaminergik neyronların degenerasiyası ilə xarakterizə olunur. Demensiyalarda (vaskulyar, Lewy cisimcikli, frontotemporal və s.) müxtəlif mexanizmlər iştirak etsə də, ümumi nəticə sinaptik disfunksiya və neyron ölümüdür.

Bu proseslər oksidativ stress, mitoxondrial disfunksiya, neyroiltihab və apoptozla sıx əlaqəlidir. Regenerativ müalicələrin əsas məqsədi bu zəncirvari patoloji prosesləri dayandırmaq və ya geri çevirməkdir.

Kök hüceyrə müalicəsi: mexanizmlər və potensial

Kök hüceyrələr özünü yeniləmə və müxtəlif hüceyrə tiplərinə diferensiasiya qabiliyyəti ilə seçilir.

Neyrodegenerativ xəstəliklərin müalicəsində kök hüceyrə terapiyası sadəcə zədələnmiş neyronları əvəz etmək deyil, həm də beynin daxili bərpa mexanizmlərini aktivləşdirmək potensialına malikdir.

 

  1. Kök Hüceyrə Müalicəsinin Mexanizmləri

Bu müalicə üsulu aşağıdakı əsas mexanizmlər vasitəsilə beyin toxumasına təsir edir:

 

Diferensiasiya (Hüceyrə Əvəzlənməsi): Kök hüceyrələr (xüsusilə neyral kök hüceyrələr) zədələnmiş bölgədə yeni funksional neyronlara və ya dəstəkləyici hüceyrələrə (astrositlər, oliqodendrositlər) çevrilə bilər.

 

Parakrin Effektlər (Tənzimləyici Təsir): Kök hüceyrələr beyinə müxtəlif neyrotrafik faktorlar (beyin törəməli neyrotrafik faktor – BDNF, sinir böyümə faktoru – NGF) ifraz edir. Bu faktorlar mövcud neyronların sağ qalmasını təmin edir, sinaptik əlaqələri gücləndirir və neyroplastikliyi artırır.

 

İmmunomodulyasiya və Neyroiltihabın Azaldılması: Mezeximal kök hüceyrələr (MSCs) mikroqlial hüceyrələrin aktivliyini tənzimləyərək xroniki neyroiltihabı azaldır və toxumadakı toksik mühiti yaxşılaşdırır.

 

  1. Ekzosom Müalicəsi: Yeni Nəsil Regenerativ Yanaşma

Ekzosomlar, kök hüceyrələr və digər hüceyrələr tərəfindən ifraz olunan kiçik (30−150 nm) membranlı vezikullardır. Onlar kök hüceyrələrin parakrin təsirlərini daşıyan “mesajçılar” hesab olunur.

 

Ekzosomların Üstünlükləri:

 

Keçiricilik: Beyin-qan baryerini daha effektiv keçə bilirlər.

 

Təhlükəsizlik: Canlı hüceyrə olmadıqları üçün immun rədd reaksiyası və ya şiş əmələgətirmə riski (tumorigeniklik) aşağıdır.

 

Məzmun: Öz daxilində miRNA, mRNA, zülallar və lipidlər daşıyaraq hədəf neyronlara genetik və funksional informasiya ötürürlər.

 

  1. Neyroregenerativ Təsirin Patofizioloji Nəticələri

Həm kök hüceyrə, həm də ekzosom müalicəsi aşağıdakı bərpaedici nəticələrə gətirib çıxarır:

 

Patoloji Zülalların Azalması: Toksik zülal yığılımlarının (Aβ lövhələr, tau dolaqları) təmizlənməsi sürətlənir.

 

Mitoxondrial Funksiyanın Bərpası: Enerji mübadiləsi yaxşılaşır, oksidativ stress azalır.

 

Sinaptogenezin Artması: Yeni sinaptik əlaqələr qurulur, bu da koqnitiv və motor funksiyaların yaxşılaşmasına səbəb olur.

 

Nəticə

Kök hüceyrə və ekzosom əsaslı regenerativ terapiyalar, neyrodegenerativ xəstəliklərin gedişatını sadəcə yavaşlatmaq deyil, həm də pozulmuş beyin funksiyalarını bərpa etmək üçün ümidverici yanaşmadır. Hazırda bu metodların uzunmüddətli təhlükəsizliyi və effektivliyi üzrə çoxsaylı kliniki sınaqlar var.

Autizm spekt pozuntularında kök hüceyrə köçürülmələrinin əhəmiyyəti

Giriş
Autizm Spektr Pozuntuları (ASP) erkən uşaqlıq dövründə başlayan, sosial ünsiyyətin pozulması, təkrarlayıcı davranışlar və məhdud maraq sahələri ilə xarakterizə olunan neyroinkişaf pozuntularıdır. Son onilliklərdə ASP-nin patogenezi ilə bağlı aparılan tədqiqatlar göstərir ki, bu pozuntular yalnız genetik faktorlarla deyil, eyni zamanda neyroinflamasiya, immun disfunksiya, oksidləşdirici stress və sinaptik əlaqələrin pozulması ilə də sıx əlaqəlidir. Bu mexanizmlər fonunda kök hüceyrə terapiyası ASP üçün potensial yeni yanaşma kimi diqqət mərkəzinə düşmüşdür.
Autizmin Patofizioloji Əsasları
Mövcud elmi sübutlara əsasən, ASP-li uşaqlarda aşağıdakı patoloji mexanizmlər müşahidə oluna bilər:
Mərkəzi sinir sistemində xroniki neyroinflamasiya
Mikroqlial aktivliyin artması
Sitokin balansının pozulması (IL-6, TNF-α artımı)
Sinaptik plastisitenin zəifləməsi
Qan-beyin baryerinin keçiriciliyinin artması
Bu faktorlar neyron şəbəkələrinin formalaşmasını və funksional inteqrasiyasını mənfi təsirə məruz qoyur.
Kök Hüceyrə Terapiyasının Nəzəri Əsasları
Kök hüceyrələr öz-özünü yeniləmə və müxtəlif hüceyrə tiplərinə diferensiasiya qabiliyyətinə malikdir. ASP-də əsasən aşağıdakı kök hüceyrə növləri araşdırılmışdır:
Mezenximal kök hüceyrələr (MKH)
Hematopoetik kök hüceyrələr
Göbək ciyəsi mənşəli kök hüceyrələr
Bu hüceyrələrin əsas təsir mexanizmləri:
Anti-inflamatuar təsir
İmmunomodulyasiya
Neyrotrofik faktorların (BDNF, NGF) sekresiyasının artması
Sinaptik əlaqələrin və neyroplastisitenin dəstəklənməsi
Klinik Tədqiqatların Nəticələri
Son illərdə aparılan klinik tədqiqatlarda kök hüceyrə köçürülməsinin bəzi ASP-li uşaqlarda aşağıdakı müsbət dəyişikliklərə səbəb ola bildiyi bildirilmişdir:
Sosial qarşılıqlı əlaqənin yaxşılaşması
Göz kontaktının artması
Dil və kommunikasiya bacarıqlarında irəliləyiş
Hiperaktivlik və davranış problemlərinin azalması
Lakin bu nəticələr əsasən kiçik həcmli, randomizasiya olunmamış və qısa izləmə müddətli tədqiqatlara əsaslanır.
Təhlükəsizlik və Məhdudiyyətlər
Kök hüceyrə terapiyası ümumilikdə yaxşı tolere olunsa da, bir sıra məhdudiyyətlər mövcuddur:
Uzunmüddətli təhlükəsizlik məlumatlarının məhdudluğu
Standartlaşdırılmış protokolların olmaması
Hansı xəstə qrupunun daha çox fayda görəcəyinin qeyri-müəyyənliyi
Yüksək maliyyət və etik müzakirələr
Hazırda beynəlxalq nevrologiya və pediatriya cəmiyyətləri bu metodu rutin klinik praktikada tövsiyə etmir və onu eksperimental yanaşma kimi qiymətləndirir.
Etik və Elmi Baxış
ASP-li uşaqlar və onların ailələri üçün kök hüceyrə terapiyası böyük ümidlər yaratsa da, sübuta əsaslanan tibbin prinsipləri ön planda saxlanılmalıdır. Valideynlərin yanlış gözləntilərlə kommersiya yönümlü mərkəzlərə müraciət etməsi risklidir. Bu səbəbdən, yalnız klinik tədqiqatlar çərçivəsində və etik komitə nəzarəti altında tətbiq edilməsi məqsədəuyğundur.
Nəticə
Kök hüceyrə köçürülməsi Autizm Spektr Pozuntularında perspektivli, lakin hələ tam sübut olunmamış müalicə yanaşmasıdır. Mövcud məlumatlar müəyyən simptomatik yaxşılaşmalar göstərsə də, metodun effektivliyi və təhlükəsizliyi ilə bağlı genişmiqyaslı, randomizə olunmuş, uzunmüddətli tədqiqatlara ehtiyac vardır. Hazırkı mərhələdə kök hüceyrə terapiyası standart müalicələri əvəz etmir, yalnız elmi araşdırma kontekstində dəyərləndirilməlidir.

Əl titrəməsi niyə baş verir? – Həkim danışır

“Əl titrəməsinin elmi adı tremordur. Tremor müxtəlif səbəblərdən – həm fizioloji hallarda, həm də patoloji vəziyyətlərdə yarana bilər”.

Bu barədə Operativ Media-ya nevroloq Röyanə Quluzadə məlumat verib.

O bildirib ki, fizioloji əl tremoruna həyəcan və qorxu zamanı yaranan titrəmə misal ola bilər:

“İnsan həyəcanlananda və ya təşviş keçirdikdə əllərdə və bədəndə titrəmə baş verir və həyəcan keçdikdən sonra dayanır. Lakin əl titrəməsi bəzi xəstəliklər səbəbindən də meydana çıxa bilər. Cavan insanlarda titrəmənin əsas səbəbi irsidir və buna essensial tremor deyilir. Bu zaman ailə üzvlərində də bənzər titrəmə müşahidə olunur. Bundan əlavə, zob xəstəliyi – hipertireoz da xüsusilə cavan və orta yaşlı insanlarda əl əsməsinə səbəb olur. Yaşlılarda isə əsas səbəb Parkinson xəstəliyidir və bu zaman titrəmə daha çox sakitlik halında müşahidə edilir. Həmçinin hərəkətlərin yavaşıması, yaddaşın zəifləməsi və nitq pozuntuları da bu xəstəliyə xasdır”.

Rəna Abbasovanın sözlərinə görə, əl titrəməsi geniş yayılmış haldır və müxtəlif səbəblərlə bağlı ola bilər:

“Bəzi insanlarda spirtli içki qəbulu, stress və yorğunluq titrəməni daha da artırır. Titrəmənin səbəbini dəqiq müəyyən etmək üçün pasiyentin yaşı, həyat tərzi, keçirdiyi xəstəliklər və titrəmənin nə zaman başladığı kimi məlumatlar vacibdir.

Əl titrəməsinə səbəb ola biləcək amillərə neyroloji xəstəliklər (Parkinson, epilepsiya, beyin damar xəstəlikləri, dağınıq skleroz, beyin travmaları), B qrup vitamin çatışmazlığı, müəyyən dərmanların təsiri, qalxanabənzər vəzin həddindən artıq işləməsi (hipertireoz) və spirtli içkidən istifadə və ya onun qəfil kəsilməsi daxildir. Bəzən titrəmə heç bir xəstəlik olmadan, idiopatik tremor şəklində də müşahidə oluna bilər.

Hərəkətlərin zəifləməsi, nitq dəyişiklikləri, yeriş pozğunluğu, əllərdə və ayaqlarda uyuşma və gücsüzlük kimi əlavə əlamətlər olduqda vəziyyət daha ciddi ola bilər və geniş müayinə tələb olunur. Uzun müddət davam edən və əlavə simptomlarla müşayiət olunan titrəmə halında nevroloqa müraciət edilməsi tövsiyə olunur”.

Yaddaşınızın zəifləməsini istəmirsinizsə bunu etməyin – XƏBƏRDARLIQ

Mütəxəssislər son illərdə insanların yaddaş itkisi ilə bağlı şikayətlərində artım müşahidə edildiyini bildirir. Bu artımın əsas səbəbləri stres, yuxusuzluq, düzgün qidalanmama, texnologiyadan çox istifadə və yaşla bağlı dəyişikliklərdir.

Nevroloq Röyanə Quluzadə Sfera.az-a açıqlamasında bildirib ki, son vaxtlar həm cavanlarda həm də yaşlılarda yaddaş itməsi, yaddaş azalması kimi problemlər getdikcə artır:

“Ümumiyyətlə, beyin bədənimizdə ən çox enerjiyə ehtiyac duyan və ən həssas orqanlardandır. Gündəlik bədənimizin enerjisinin 20% beynimizin fəaliyyəti üçün istifadə olunur”.

Nevroloq gün ərzində bu enerjini haradan aldığımızla bağlı suala aydınlıq gətirib:

“Eyni zamanda beynimiz toksiki maddələrə çox həssasdır. Odur ki, ətraf mühit toksinləri, zərərli vərdişlər, içki, siqaret, havada ağır metallar – bunlar hamısı həssas sinir toxuması üçün böyük yüklənmədir”.

Müsahibimiz əlavə edib ki, beynin qidalanması boynumuzdan gələn 2 damar vasitəsilədir. Son zamanlar oturaq həyat tərzi, boyun duzlaşması, onurğa əyrilikləri kim faktorlar beynimizə qidalı maddələrin, qan axımının zəifləməsinə, beyinə az enerji çatmasına səbəb olur və getdikcə yaddaşımız və zehnimiz zəifləyir”.

Niyaz Hacıyev
Sfera.az

Azərbaycanda son 5 ildə sinir sistemi xəstələrinin sayında REKORD ARTIM – İNFOQRAFİKA

2020-ci ildən sonra Azərbaycanda sinir sistemi xəstələrinin sayında böyük fərq müşahidə olunur.

Bizim.Media Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, göstəriciləri təqdim edir:

Göründüyü kimi, 2020-ci ildə sinir sistemi xəstələrinin sayı 62126 olsa da, 2021-ci ildə 87951-dir. Bu isə 1 il ərzində təxmini 40 faiz artım deməkdir.

Bəs bu qədər artımın səbəbi nədir?

Xatırladaq ki, 2020-ci ilin əvvəlində Azərbaycanda pandemiya elan olundu və karantin rejimi sentyabrda isə II Qarabağ Müharibəsi başladı.

Əlbəttə, həm karantin, məhdudiyyətlərin qoyulması, küçəyə icazə ilə çıxmaq, bunlarla yanaşı, virusun sürətlə yayılması həm də müharibə həyəcanı, şəhid xəbərləri, Gəncəyə, Bərdəyə atılan raketlər və s hər biri insanların psixoloji sağlamlığına təsir etdi.

Məhz bu amillər 1 il ərzində sinir sistemi xəstəliklərinin xeyli artmasının əsas səbəbi ola bilər?

Bizim.Media mövzuyla əlaqədar nevroloq Röyanə Quluzadənin fikirlərini öyrənib. Həkim də təsdiq edib ki, sözügedən artıma müharibə və karantinin təsiri böyükdür.

“2020-ci ildə müharibə ilə əlaqədar panik atağı, nevrozu, təşviş həyəcan pozuntusu olan insanların sayı artdı. Bunu praktikada da gördük. Müharibədən sonra həyəcan, qorxu, panik, nəfəs darlığıyla bağlı müraciətlərin sayı çoxaldı.

Pandemiyada isə məcburi qapanmaya məruz qaldığımız üçün depressiya, suisid, özünəqapanma kimi hallar yayıldı. İnsanların çoxu artıq heç nədən həzz ala bilmir, özünə qapanır, heç yerə çıxmaq istəmirdilər”.

Röyanə Quluzadə nevroloji  xəstəliklərinin artmasına səbəb olan başqa faktorları da vurğulayıb. 

Həkimin sözlərinə görə, burada ekoloji problemlər, şəhərdə yaşamaq, hətta hər yerə tələsmək belə rol oynayır.

“Şəhərdə yaşayan insanlarda nevroloji xəstəliklər daha çoxdur. Çünki şəhərdə stress, tıxac çoxdur, insanlar hər yerə tələsir. Bu da gərginliyə, sinirlə bağlı xəstəliklərin çoxalmasına səbəb olur. Həmçinin havanın çirkliliyi, karbon qazının sinir sisteminə təsiri də insanda yaddaşsızlıq, əsəbilik, huşsuzluq kimi hallar yaradır” .

Nəzrin Mirzəyeva, Bizim.Media 

DISLEKSIYA,DISPRAKSIYA-ÖYRƏNMƏ ÇƏTINLIYI YOXSA ÖYRƏNMƏ POZUNTULARI?

Öyrənmə Pozuntuları

  • Öyrənmə pozuntuları – əqli və psixi funksiyaların çatışmazlığı zamanı yaranan vəziyyətdir.
  • Öyrənmə çətinlikləri isə əqli gerilik və ya inkişaf ləngiməsi ilə bağlı olmur.
  • Ən çox rast gəlinən öyrənmə çətinlikləri: dispraksiya və disleksiya.
  • Öyrənmə çətinliyi adətən uşaqlıq dövründə özünü göstərir və insanın ənənəvi sinif şəraitində çətinliklər yaşamasına səbəb ola bilər.
  • İngilis ədəbiyyatında işlədilən “learning disability” ifadəsinin hərfi tərcüməsi öyrənmə əlilliyi kimi verilir. Bu termin ciddi əqli və psixi pozuntularda istifadə olunur.

Öyrənmə pozuntularına səbəb ola bilən əsas xəstəliklər

  • Daun sindromu
  • Rett sindromu
  • Angelman sindromu
  • Vilyams sindromu
  • Prader-Vill sindromu
  • DiCorc sindromu
  • Kövrək X xromosom sindromu
  • Serebral iflic
  • Autizm sindromu
  • SYNGAP1 sindromu və s.

Kövrək X xromosom sindromu

Kövrək X sindromu olan şəxslərdə aşağıdakı xüsusiyyətlər müşahidə oluna bilər:

  • Göz təmasından qaçmaq
  • Sosial vəziyyətlərdə narahatlıq və həddindən artıq utancaqlıq
  • Tanış fəaliyyətlərdən zövq almağa üstünlük vermək
  • Əl çırpmaq və ya əlləri dişləmək kimi davranışlar

Bu davranışlar çox vaxt autizmli şəxslərə bənzər şəkildə özünü göstərə bilər.

SYNGAP1 sindromu

  • SYNGAP1 – öyrənmə əlilliyinə səbəb olan nadir genetik xəstəlikdir.
  • Həm oğlanlara, həm də qızlara təsir edə bilər və adətən təsadüfi şəkildə baş verir.

Əlamətləri:

  • Tez-tez nöbetlərin olması
  • Nitqdə gecikmələr
  • Emosional və davranış problemləri
  • Yuxu pozuntuları
  • Motor bacarıqlarda gecikmələr

Davranış xüsusiyyətləri:

  • Qısa diqqət müddəti və asanlıqla diqqətin yayınması
  • İmpulsiv və ya aqressiv davranışlar
  • Aşağı əzələ tonusu və qeyri-sabit yerimə
  • Autizmə bənzər davranışlar: göz təmasından qaçmaq, tanış rejimə üstünlük vermək, işıq və səslərə həssas olmaq, əl çırpmaq və ya əlləri dişləmək

Fiziki xüsusiyyətlər:

  • Açıq ağızlı görünüş
  • Dolğun qaşlar
  • Gözlər arasında məsafənin artması
  • Bu əlamətləri kiçik uşaqlarda aşkar etmək çətin ola bilər, buna görə də diaqnozun qoyulması bəzən gecikir.

Diqqət əskikliyi hiperaktivlik sindromu nədir ?

  • Xəstəliklərin Beynəlxalq Təsnifatına görə…
  • American Psychiatric Association’s Diagnostic and Statistical Manual, Fifth edition (DSM-5)
  • DEHB diaqnozu üçün tələb olunan simptomların sayı (yaş qrupu üzrə) aşağıdakılardır:‎
  • ■ 16 yaşa qədər uşaqlar üçün altı və ya daha çox diqqətsizlik və/və ya hiperaktivlik-impulsivlik simptomları
  • ■ 17 yaşdan yuxarı yeniyetmələr və böyüklər üçün beş və ya daha çox diqqətsizlik və/və ya hiperaktivlik-impulsivlik əlamətləri.

 

Diqqətsizlik simptomları: (ən az 6 ay davam edən və 6 yaşından böyük)

  • Çox vaxt təfərrüatlara diqqət yetirmir və ya məktəb işlərində, işdə və ya digər fəaliyyətlərdə ehtiyatsızıqdan səhvlərə yol verir.
  • Çox vaxt tapşırıqlara və ya oyun fəaliyyətlərinə diqqət yetirməkdə çətinlik çəkir.
  • Çox vaxt birbaşa onunla danışanda qulaq asmır.
  • Tez-tez göstərişlərə əməl etmir və məktəb işlərini, ev işlərini və ya iş yerindəki vəzifələri başa çatdıra bilmir( hövsələsi çatmır).
  • Tez-tez tapşırıqları və fəaliyyətləri təşkil etməkdə çətinlik çəkir.
  • Çox vaxt uzun müddət ərzində zehni səy tələb edən (məktəb və ya ev tapşırığı kimi) işlərdən çəkinir, bəyənmir və ya etməkdən çəkinir.
  • Tez-tez tapşırıqlar və fəaliyyətlər üçün lazım olan əşyaları (məsələn, məktəb materialları, karandaşlar, kitablar, alətlər, pul kisələri, açarlar, sənədlər, eynəklər, mobil telefonlar) itirir.
  • Tez-tez asanlıqla diqqəti yayındırır.
  • Gündəlik işlərdə tez-tez unutqan olur.

Hiperaktivlik simptomları:

  • Tez-tez əlləri və ya ayaqları ilə hərəkət edir, qıvrılır və ya dönür və ya oturacaqdafırlanır oyan buyana.
  • Çox vaxt oturacaqda qalmağ yerinə oturacağını tərk edir.
  • Tez-tez uyğun olmayan vəziyyətlərdə qaçır və ya dırmaşır
  • Çox vaxt sakitcə oynaya bilmir və ya asudə vaxtlarda iştirak edə bilmir.
  • Tez-tez “yolda” sanki “motorla idarə olunur” kimi davranır.
  • Çox vaxt həddindən artıq danışır.
  • Çox vaxt sual tamamlanmazdan əvvəl cavabı açıqlayır,sualı dinləmir
  • Çox vaxt öz növbəsini gözləməkdə çətinlik çəkir.
  • Tez-tez başqalarına müdaxilə edir məsələn, söhbətlərə və ya oyunlara müdaxilə edir.

Amerika Pediatriya Akademiyası (AAP) tövsiyə edir ki, tibb işçiləri diaqnozu qoymazdan əvvəl mütləq valideynlərdən, müəllimlərdən və uşağa qayğı göstərən digər böyüklərdən uşağın müxtəlif şəraitlərdə, o cümlədən evdə, məktəbdə və ya həmyaşıdları ilə davranışı barədə ətraflı məlumat almalıdırlar!

DƏHS uşaqlar ən ciddi sıxıntıları məktəb və təhsil həyatında yaşayırlar!

! 1 ci sinifdən başlayaraq aparılan müalicə və psixoloji dəstəklə bu uşaqlardakı akademik çatışmazlıqları aradan qaldırmaq olur!