Yaddaşınızın zəifləməsini istəmirsinizsə bunu etməyin – XƏBƏRDARLIQ

Mütəxəssislər son illərdə insanların yaddaş itkisi ilə bağlı şikayətlərində artım müşahidə edildiyini bildirir. Bu artımın əsas səbəbləri stres, yuxusuzluq, düzgün qidalanmama, texnologiyadan çox istifadə və yaşla bağlı dəyişikliklərdir.

Nevroloq Röyanə Quluzadə Sfera.az-a açıqlamasında bildirib ki, son vaxtlar həm cavanlarda həm də yaşlılarda yaddaş itməsi, yaddaş azalması kimi problemlər getdikcə artır:

“Ümumiyyətlə, beyin bədənimizdə ən çox enerjiyə ehtiyac duyan və ən həssas orqanlardandır. Gündəlik bədənimizin enerjisinin 20% beynimizin fəaliyyəti üçün istifadə olunur”.

Nevroloq gün ərzində bu enerjini haradan aldığımızla bağlı suala aydınlıq gətirib:

“Eyni zamanda beynimiz toksiki maddələrə çox həssasdır. Odur ki, ətraf mühit toksinləri, zərərli vərdişlər, içki, siqaret, havada ağır metallar – bunlar hamısı həssas sinir toxuması üçün böyük yüklənmədir”.

Müsahibimiz əlavə edib ki, beynin qidalanması boynumuzdan gələn 2 damar vasitəsilədir. Son zamanlar oturaq həyat tərzi, boyun duzlaşması, onurğa əyrilikləri kim faktorlar beynimizə qidalı maddələrin, qan axımının zəifləməsinə, beyinə az enerji çatmasına səbəb olur və getdikcə yaddaşımız və zehnimiz zəifləyir”.

Niyaz Hacıyev
Sfera.az

Azərbaycanda son 5 ildə sinir sistemi xəstələrinin sayında REKORD ARTIM – İNFOQRAFİKA

2020-ci ildən sonra Azərbaycanda sinir sistemi xəstələrinin sayında böyük fərq müşahidə olunur.

Bizim.Media Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, göstəriciləri təqdim edir:

Göründüyü kimi, 2020-ci ildə sinir sistemi xəstələrinin sayı 62126 olsa da, 2021-ci ildə 87951-dir. Bu isə 1 il ərzində təxmini 40 faiz artım deməkdir.

Bəs bu qədər artımın səbəbi nədir?

Xatırladaq ki, 2020-ci ilin əvvəlində Azərbaycanda pandemiya elan olundu və karantin rejimi sentyabrda isə II Qarabağ Müharibəsi başladı.

Əlbəttə, həm karantin, məhdudiyyətlərin qoyulması, küçəyə icazə ilə çıxmaq, bunlarla yanaşı, virusun sürətlə yayılması həm də müharibə həyəcanı, şəhid xəbərləri, Gəncəyə, Bərdəyə atılan raketlər və s hər biri insanların psixoloji sağlamlığına təsir etdi.

Məhz bu amillər 1 il ərzində sinir sistemi xəstəliklərinin xeyli artmasının əsas səbəbi ola bilər?

Bizim.Media mövzuyla əlaqədar nevroloq Röyanə Quluzadənin fikirlərini öyrənib. Həkim də təsdiq edib ki, sözügedən artıma müharibə və karantinin təsiri böyükdür.

“2020-ci ildə müharibə ilə əlaqədar panik atağı, nevrozu, təşviş həyəcan pozuntusu olan insanların sayı artdı. Bunu praktikada da gördük. Müharibədən sonra həyəcan, qorxu, panik, nəfəs darlığıyla bağlı müraciətlərin sayı çoxaldı.

Pandemiyada isə məcburi qapanmaya məruz qaldığımız üçün depressiya, suisid, özünəqapanma kimi hallar yayıldı. İnsanların çoxu artıq heç nədən həzz ala bilmir, özünə qapanır, heç yerə çıxmaq istəmirdilər”.

Röyanə Quluzadə nevroloji  xəstəliklərinin artmasına səbəb olan başqa faktorları da vurğulayıb. 

Həkimin sözlərinə görə, burada ekoloji problemlər, şəhərdə yaşamaq, hətta hər yerə tələsmək belə rol oynayır.

“Şəhərdə yaşayan insanlarda nevroloji xəstəliklər daha çoxdur. Çünki şəhərdə stress, tıxac çoxdur, insanlar hər yerə tələsir. Bu da gərginliyə, sinirlə bağlı xəstəliklərin çoxalmasına səbəb olur. Həmçinin havanın çirkliliyi, karbon qazının sinir sisteminə təsiri də insanda yaddaşsızlıq, əsəbilik, huşsuzluq kimi hallar yaradır” .

Nəzrin Mirzəyeva, Bizim.Media